# Ən populyar fırıldaqçılıq üsulları və onlardan qorunma yolları

![Ən populyar fırıldaqçılıq üsulları və onlardan qorunma yolları](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Ffirildaqcilar_nec_h_r_k_t_edir_1_2577f66f2e.png&w=1920&q=85)

Rəqəmsal dünyamız inkişaf etdikcə, fırıldaqçılıq üsulları da daha mürəkkəb və inandırıcı olur. Bu gün dələduzlar zənglərdən, mesajlardan, sosial şəbəkələrdən və saxta saytlardan istifadə edərək insanları aldatmağa çalışırlar. Onların əsas silahı isə psixoloji təsirdir. Əsas məqsəd heç vaxt dəyişmir – insanlardan öz vəsaitlərini könüllü şəkildə köçürməyə təşviq etmək.

Fırıldaqçılar əsasən iki yolla insanları aldadırlar: qorxudaraq və sürətli qazanc vədi ilə inandıraraq. Bəzən deyirlər ki, vəsaitiniz təhlükədədir və dərhal nəsə etməlisiniz, bəzən isə qısa zamanda yüksək gəlir əldə edəcəyinizi vəd edirlər.

Statistikalar göstəririr ki, çox vaxt insanlar tələsik qərar verərək pulları özləri fırıldaqçılara köçürürlər. Amma çox sadə qaydalara riayət edərək özünü sığortalaya və belə hallara qarşı öncədən məlumatlı ola bilərsən.

Bəs fırıldaqçıların ən çox istifdə etdikləri üsullar hansılardır? Aşağıdakı ətraflı şəkildə bölüşürük, gəl birlikdə nəzərdən keçirək.   
   
**1. Təhlükəsizlik xidmətindən zəng**

Bu yolla fırıldaqçılar özlərini bank əməkdaşı, hüquq-mühafizə orqanlarının nümayəndəsi və ya hətta Mərkəzi Bank əməkdaşı kimi təqdim edirlər. Çox vaxt xarici kodlu nömrələrdən, xüsusilə +995 ilə başlayan nömrələrdən istifadə edirlər. Güvən yaratmaq üçün ad və vəzifə deyir, daha sonra isə qorxu yaradırlar: guya vəsaitlər təhlükədədir və ya sənin adına kredit rəsmiləşdirilir.

Danışıq prosesində səni WhatsApp-a yönləndirə, videozəng edə və saxta sənədlər göndərə bilərlər. Məqsəd eynidir. Səni təşvişə salaraq özünün pul köçürməyinə, kart məlumatlarını deməyinə və ya başqa hesaba vəsait köçürməyinə nail olmaq.

Unutmayın ki, bank əməkdaşları xarici nömrələrdən zəng etmir, WhatsApp üzərindən əlaqə saxlamır və heç vaxt kart məlumatlarını və ya pul köçürməyini tələb etmir. Sənin birbaşa təsdiqin və iştirakın olmadan vəsaitlər köçürülə bilməz.

**2. Saxta investisiya platformaları**

Fırıldaqçılar tez-tez investisiya platformaları adı altında reklamlar yerləşdirirlər. Bu elanlar əsasən YouTube və Instagram-da yayılsa da, digər platformalarda da qarşımıza çıxır. Videolarda böyük şirkətlərin adlarından, tanınmış biznesmenlərdən və ictimai fiqurlardan istifadə edərək nüfuz yaratmağa çalışırlar.

Anket formasını doldurduqdan sonra özlərini “maliyyə məsləhətçisi” və ya “broker” kimi təqdim edirlər. O, investisiyanın üstünlüklərini ətraflı izah edir, hətta “təlim” keçir və kart vasitəsilə vəsait köçürməyini istəyir. Tətbiq və ya platformada balans və “gəlir” göstərilir, lakin unutma ki, bu göstəricilər saxtadır.

Aldatma prosesi həftələrlə davam edə bilər. Səni əlavə yatırımlar etməyə inandırırlar, guya neftə, qızıla, kənd təsərrüfatı məhsullarına və ya kriptovalyutaya sərmayə qoyursan. Lakin qazancı çıxarmaq istədikdə müxtəlif bəhanələr irəli sürülür: “vergi”, “sığorta”, “valyuta nəzarəti” və s.

Reallıq isə budur: real investisiya və gəlir yoxdur. Köçürülən vəsait itirilmiş sayılır. Məqsəd, sən dayanana qədər mümkün qədər çox vəsait əldə etmək.

**3. "Dostdan" gələn şübhəli mesajlar**

Fırıldaqçılar tez-tez sosial şəbəkə hesablarını, xüsusilə WhatsApp hesablarını ələ keçirirlər. İstifadəçiyə səsvermə, rəy yazmaq və ya sorğuda iştirak etmək üçün link göndərilir. Linkə daxil olduqda telefon nömrəsi və SMS kodu tələb olunur.

Əslində bu kod sosial şəbəkə hesabına giriş üçündür. Kod daxil edildikdə hesab ələ keçirilir və daha sonra bütün kontaktlara pul istəyi göndərilir: “Təcili pul lazımdır, sabah qaytararam”. Mesajla birlikdə kart nömrəsi də paylaşılır.

Mesajı alanlar bunu dost və ya qohumdan gəldiyini düşündüyü üçün vəsait köçürə bilirlər.

Belə hallardan qorunmaq üçün naməlum linklərə daxil olma, şübhəli saytlarda məlumatlarını paylaşma. Pul istəyi aldıqda isə mütləq həmin şəxslə başqa vasitə ilə əlaqə saxlayaraq həmin məlumatı mütləq dəqiqləşdir.

**4. Kredit vədi ilə əvvəlcədən ödəniş tələbi**

Bəzi hallarda fırıldaqçılar güzəştli şərtlərlə kredit vəd edən elanlar yerləşdirirlər. Əlaqə saxladıqda sürətli təsdiq və sərfəli faizlər təklif olunur. Lakin kredit rəsmiləşdirilməzdən əvvəl “komissiya”, “faiz” və ya “depozit” adı ilə ödəniş tələb edilir. Müştəri vəsaiti köçürdükdən sonra isə əlaqə kəsilir və kredit verilmədiyi məlum olur.

Unutmay ki, banklar kredit üçün əvvəlcədən ödəniş tələb etmir. Bu cür tələblər fırıldaqçıların tez-tez istifadə etdiyi tələlərdən biridir. 

**Bəs nələri yadda saxlamaq vacibdir?**

– Kimliyindən asılı olmayaraq, üçüncü şəxslərin tələbi ilə pul köçürmə.  
– Telefonda təzyiq və ya hədə hiss etdikdə danışığı dərhal dayandır.  
– SMS vasitəsilə gələn təsdiq kodlarını heç kimlə bölüşmə.  
– Kartın nömrəsi, istifadə müddəti və CVV kodunu kənar şəxslərlə paylaşma. Bu məlumatların hamısı vəsaitlərin çıxarılmasına imkan verir.  
– Yalnız etibarlı mənbələrin linklərindən istifadə elə.  
– Şübhəli saytlarda kart və şəxsi məlumatlarını daxil etmə.  
– Maddi yardım xahişi ilə gələn mesajları yoxla və dərhal inanma.  
– Kibertəhlükəsizliklə bağlı yenilikləri izləyərək daima məlumatlı ol.

Kibertəhlükəsizlik hər bir kəsin diqqət və məsuliyyətindən başlayır. Məlumatlı olmaq və soyuqqanlı qərar vermək səni mümkün risklərdən qoruyan əsas məqamlardır. 

## Blog

[![90 saniyədə müasir fırıldaqçılarla tanış ol](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2F90_saniy_d_firildaqciliq_e06b2cb3f7.png&w=750&q=75)<h3>90 saniyədə müasir fırıldaqçılarla tanış ol</h3>Oxumaq![arrow](https://kibertehlukesizlik.birbank.az/_next/static/media/arrow.6bf7b9b4.svg)](https://kibertehlukesizlik.birbank.az/az/blog/90-saniy-d-mueasir-firildaqcilarla-tanis-ol)