# 90 saniyədə müasir fırıldaqçılarla tanış ol

![90 saniyədə müasir fırıldaqçılarla tanış ol](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2F90_saniy_d_firildaqciliq_e06b2cb3f7.png&w=1920&q=85)

İndiki dövrdə fırıldaqçılar hər gün yeni üsullar tapırlar. Məqsədləri isə həmişə olduğu kimi eynidir. Səni aldatmaq və pulunu səndən hər hansı bir üsulla almaq. Amma nəyə diqqət etməli olduğunu bilsən, aldanmaq riskini də xeyli azalda və şəxsi məlumatlarını və pulunu qoruya bilərsən.   
  
Cəmi 90 saniyədə bilməli olduğun hər şeyi öyrənəcəksən. Hazırsansa, başlayaq!   
  
1\. Təhlükəsizlik xidmətindən zəng  
  
Fırıldaqçılar bir gün sənə zəng edirlər və özlərini bank əməkdaşı, polis və ya başqa rəsmi qurum nümayəndəsi kimi təqdim edirlər. Deyirlər ki, vəsaitin təhlükədədir və dərhal tədbir görmək lazımdır. Səndən SMS ilə gələn OTP kodu, kart məlumatı və ya pul köçürməni istəyirlər.  
  
Əgər kim isə səndən kod və ya köçürmə tələb edirsə, bu artıq şübhəli vəziyyətdir. Yaddan çıxarma ki, bank heç vaxt telefonla kart məlumatını və ya OTP kodunu istəmir.  
  
2\. Bol-bol qazanc vədi  
  
Bir gün sosial şəbəkədə investisiya reklamı görürsən. Əlaqə saxlayırsan və sənə yüksək gəlir vəd olunur. İlk köçürmədən sonra müəyyən bir məbləğ qazandığın görünür. Amma bu sadəcə rəqəmdir.  
  
Pulunu geri istəyəndə müxtəlif bəhanələr başlayır. Əlavə ödəniş tələb olunur. Unutma, pulsuz pendir, ancaq siçan tələsində olur.   
  
3\. Dostdan gələn pul istəyi  
  
Bir gün belə bir mesaj gəlir: “Təcili pul lazımdır, sabah qaytararam". Mesaj sənə tanış gələn sözlərlə yazılıb. Amma hesab ələ keçirilmiş ola bilər. Pul köçürməzdən əvvəl dostuna zəng edib dəqiqləşdir. Heç vaxt tələsik qərar vermə.  
  
4\. Sərfəli kredit tələsi  
  
İnternetdə çox yaxşı şərtlərlə kredit təklifi görürsən. Amma sənədləşmə başlamazdan əvvəl ödəniş tələb olunur. Əgər kredit verilməzdən əvvəl pul istənilirsə, bu artıq xəbərdarlıq siqnalıdır.  
  
Banklar heç bir halda kredit üçün əvvəlcədən ödəniş tələb etmir.  
  
Bəs bütün bunlardan özünü necə qoruya bilərsən?  
  
– SMS kodu yalnız sənə aiddir. Onu heç kimə demə.  
– Kartın nömrəsini, istifadə müddətini və CVV kodunu paylaşma.  
– Təcili pul istəyi gələndə əvvəlcə yoxla.  
– Səni təşvişə salan və tələsdirən zənglərə inanma.  
– Asan qazanc vədlərinə ehtiyatla yanaş.  
  
Fırıldaqçılar səni tələsdirməyə çalışır. Sən isə ehtiyatlı ol. Bəzən bir neçə saniyə düşünmək pulunu qorumaq üçün kifayətdir.

## Blog

[![Ən populyar fırıldaqçılıq üsulları və onlardan qorunma yolları](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Ffirildaqcilar_nec_h_r_k_t_edir_1_2577f66f2e.png&w=750&q=75)<h3>Ən populyar fırıldaqçılıq üsulları və onlardan qorunma yolları</h3>Oxumaq![arrow](https://kibertehlukesizlik.birbank.az/_next/static/media/arrow.6bf7b9b4.svg)](https://kibertehlukesizlik.birbank.az/az/blog/n-populyar-firildaqciliq-uesullari-v-onlardan-qorunma-yollari)